79) Həyatımın mənası -Azərbaycan-Qarabağ
Dövlət sərhədləri cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimal-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu 713 kilometrdir.
Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 kilometrdir.
1918-ci ilin 28 may günü müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində "müttəfiq respublika" statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.
Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik Azərbaycan çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür.
Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan BMT-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.
BMT Baş Assambleyasında 24 oktyabr 2011-ci il seçkiləri zamanı Azərbaycan 155 səs toplayaraq 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri seçilib.